
2009-cu il DəmirBank-ın tarixində ən əlamətdar illərdən biri olub. Ötən il Bankın adının dəyişdirilməsi, 20 illik yubileyi, institusional inkişafı və fəaliyyət göstəricilərinin daha da yaxşılaşması ilə yadda qalıb.
2009-cu ilin oktyabr ayında Bankın əvvəlki Azərdəmiryolbank adı DəmirBank adı ilə əvəz edilib. Yeni adın əvvəlki ilə bağlılığa malik olması Bankın 20 illik tarixinin qorunmasını təmin edir.
Bankın yeni loqotipi hazırlanıb, rebrendinq və 20 illik yubileyi ilə bağlı TV reklam kampaniyası keçirilib. Bankın brend kitabının hazırlanması yekunlaşır, eləcə də yeni korporativ üslubun filiallarda tətbiqi üçün işlərə başlanılıb.
Azərbaycanın ilk banklarından olan DəmirBank 6 oktyabr 2009-cu ildə 20 illik yubileyini qeyd edib. Bank yubileyi ilə bağlı müxtəlif tədbirlər, həmçinin əmanətçilər arasında əsas hədiyyəsi Toyota RAV4 avtomobili olan “Yubiley” uduş kampaniyası keçirib.
2009-cu il ərzində DəmirBank-ın maliyyə göstəriciləri də artıb. Bankın aktivləri il ərzində 16,4% artaraq 1 yanvar 2010-cu il tarixinə 266 mln. manatı keçib, kredit portfelinin həcmi isə 18% artaraq 199 mln. manata çatıb. Bankın nizamnamə kapitalı 2009-cu ilin sonuna 18,4 mln. manat, məcmu kapitalı isə 46,5 mln. manat təşkil edib.
Bankda müştəri depozitlərinin həcmi il ərzində 45,7% artaraq 95,2 mln. manatı, əhalinin müddətli əmanətlərinin həcmi isə 70% artaraq 70,8 mln. manatı keçib. Bu yüksək artım Bankın fəaliyyətini və müştərilərin etibarını, eləcə də “Əmanət Çeşidi” proqramının və “Yubiley” uduş kampaniyasının uğurunu əks etdirir.
2009-cu ildə DəmirBank-ın fəaliyyətini “Planet Rating” beynəlxalq reytinq agentliyi “B+” reytinqi və “Pozitiv” proqnozu ilə qiymətləndirib. Bank korporativ idarəetmə, risklərin idarə edilməsi, effektivlik və gəlirlilik, biznes və informasiya sahələri üzrə “B”, maliyyələşdirmə və likvidlik üzrə isə, Azərbaycanda ilk dəfə, “A” kateqoriyası ilə qiymətləndirilib.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2009-cu ildə yenidən qiymətləndirmə zamanı DəmirBank-ın “stabil” proqnozlu “B-“ reytinqini saxlayıb ki, bu da müsbət nəticə hesab edilir.
DəmirBank ötən il beynəlxalq maliyyə təşkilatları ilə kredit xətləri üzrə müqavilələr imzalayıb və 53 mln. USD məbləğində vəsait cəlb edib. DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, Rosemount Global Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) və sair təşkilatlarla əməkdaşlıq edir.
DəmirBank müştərilərə ötən il yeni xidmətlər təqdim edib - “Uşaq” əmanəti, “Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart”, “Embawood” mebel krediti, İnternet-Bank xidməti, Britaniya funt sterlinqində əməliyyatlar və sair. Ölkədə ipoteka kreditlərinin bərpası ilə Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına DəmirBank ipoteka kreditlərinin verilməsini bərpa edib.
DəmirBank bütün xidmətləri əhatə edən yeni Tariflər tətbiq edib. Yeni Tariflər daha rəqabətə davamlı olmaqla müştəri tələbatlarının tam ödənilməsinə yönəlib. Bank SilverKey Azerbaijan şirkəti ilə E-Commerce layihəsi üzrə ödəniş xidmətlərinin çeşidini də genişləndirib.
2009-cu ilin əvvəlində DəmirBank “Xəzər” və “Yasamal” filiallarını müştərilərin istifadəsinə verib. Bank həmçinin Bakıda və regionlarda yeni bankomatlar da quraşdırıb. İl ərzində xidmət şəbəkəsinin optimallaşdırılması məqsədi ilə bir sıra filialların və bankomatların yeri dəyişdirilib. DəmirBank hazırda 29 filial və 47 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.
DəmirBank 2009-cu ildə İnstitusional İnkişaf və Korporativ İdarəetmənin tətbiqi səviyyəsinin artırılması istiqamətində fəaliyyətini davam etdirib. 2008 - 2010-cu illəri əhatə edən Strateji İnkişaf Planına əsasən Bankda əməliyyat mühitinin yaxşılaşdırılması, risklərin idarə edilməsinin və daxili auditin təkmilləşdirilməsi, eləcə də digər istiqamətlərdə işlər görülüb. DəmirBank-da “SAP for Banking” proqram təminatının tətbiqi ilə əlaqədar AYİB ilə birgə beynəlxalq tender keçirilib, qalib məsləhətçi şirkət seçilərək proqram təminatının tətbiqinə başlanmışdır.
DəmirBank ötən il "50000-ci plastik kartın buraxılışı" üçün VISA International ödəniş sistemi tərəfindən Fəxri Sertifikat və "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının 5 illiyinə həsr olunan tədbirdə "Pul-Kredit və Bank Xidmətləri" sahəsində Fəxri Diplom ilə təltif edilib.
Bank 2010-cu ildə fəaliyyətini gücləndirməyi nəzərdə tutur. DəmirBank institusional inkişaf, korporativ idarəetmənin inkişafı, texniki dəstək proqramları çərçivəsində risklərin idarə edilməsi sistemi və müxtəlif fəaliyyət istiqamətlərinin inkişafına böyük diqqət verəcək.
Bank həmçinin qəbul edilmiş müştəri xidməti standartlarının tətbiqi, müştəri xidməti keyfiyyətinin yaxşılaşdırılması, filial və bankomat şəbəkəsinin inkişafı, yeni korporativ üslubun filiallarda tətbiqi və kadr potensialının gücləndirilməsinə də xüsusi önəm verəcək. İl ərzində “SAP for Banking” proqram təminatının tətbiqi və digər istiqamətlər üzrə də işlər davam etdiriləcək.
Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
