
DəmirBank "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə "Pul-Kredit və Bank Xidmətlərinə görə" Fəxri Diplom ilə təltif edilmişdir.
Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra Millət Vəkillərinin iştirak etdiyi tədbirdə təqdim edilmişdir.
“DəmirBank-ın Fəxri Diplom ilə təltif edilməsi onun 20 illik uğurlu fəaliyyəti, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdə iştirakı, geniş regional filial şəbəkəsi, regionlarda bank xidmətlərinin genişləndirilməsi, regionlarda sahibkarlığın kreditləşdirilməsi, regionlarda əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlıdır” – deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.
DəmirBank-ın 29 filialından 16-sı regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində fəaliyyət göstərir. DəmirBank regional filial şəbəkəsinin əhatəsinə görə də ölkənin aparıcı bankları sırasındadır.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 20 il əvvəl 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlamışdır. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
