BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Azərbaycanın aparıcı banklarından olan DəmirBank beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. 20 illik fəaliyyəti ərzində DəmirBank aşağıdakı istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələri yaratmışdır:
DəmirBankın kapitalında beynəlxalq maliyyə təşkilatlarının iştirakı
Kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq xətlərin cəlb edilməsi
Xarici banklarla müxbir əlaqələrin yaradılması
Beynəlxalq ödəniş sistemləri, banklararası ödəniş sistemləri və təcili pul köçürmə sistemləri çərçivəsində əməkdaşlıq
Beynəlxalq əlaqələrin genişləndirilməsində DəmirBank-ın reytinqləri mühüm rol oynayır.
2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur.
DəmirBank hazırda Fitch agentliyinin “stabil” proqnozlu “B-” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B+” reytinqlərinə malikdir. Bu reytinqlər Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinq proqnozları isə Bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.
DəmirBankın kapitalında beynəlxalq Maliyyə Təşkilatlarının iştirakı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) müvafiq olaraq 23 noyabr 2005-ci il və 30 noyabr 2007-ci il tarixli Bankın kapitalında iştirak barədə müqavilələrə əsasən ümumilikdə “35% + 1 səhm” paketi ilə DəmirBankın səhmdarıdır.
“25% + 1 səhm” paketi ilə AYİB və 10% səhm paketi ilə FMO DəmirBankın Müşahidə Şurasında təmsil olunurlar və Bankın inkişafı üzrə strateji qərarların qəbulunda fəal iştirak edirlər.
Beynəlxalq səhmdarların mövcudluğu DəmirBankın etibarlılıq səviyyəsini göstərir və onun inkişafı üçün yeni imkanlar yaradır.
Kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq xətlərin cəlb edilməsi
DəmirBank kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq maliyyə təşkilatları ilə fəal əməkdaşlıq edir.
DəmirBank üçün hazırda 120 mln. ABŞ dolları məbləğində müxtəlif proqramlar üzrə kredit xətləri mövcuddur. Bankın əsas tərəfdaşları sırasında aşağıdakı maliyyə təşkilatlarının adlarını çəkmək olar:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Beynəlxalq Maliyyə Korporasiyası
Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO)
Qara Dəniz Ticarət və İnkişaf Bankı
Alman-Azərbaycan Fondu
DEG Almaniya İnvestisiya Şirkəti
OFID Beynəlxalq İnkişaf Fondu
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası
Rosemount Global Ticarət-Maliyyə Fondu (ABŞ)
BANIF (Portuqaliya)
SIFEM AG İnvestisiya Fondu (İsveçrə)
ING BANK (Hollandiya)
ResponsAbility SICAV (Lüksemburq) və s.
DəmirBank kredit xətlərinin cəlb edilməsi məqsədi ilə davamlı şəkildə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını genişləndirir, bu da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha tam ödəməyə imkan yaradır.
Xarici banklarla müxbir münasibətlər
DəmirBank dünyanın aparıcı bankları, xüsusilə ABŞ, Avropa və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələri qurmuşdur.
Bank bu istiqamətdə American Express Bank, Deutsche Bank Trust Company Americas, Commerzbank AG, Dresdner Bank AG, National Westminster Bank Plc, Midland Bank Plc, Austria Bank, Raiffeisen Zentralbank Oesterreich, Fortis Bank N.V., Den Danske Bank, Banque de Commerce et de Placements və s. aparıcı banklarla əməkdaşlıq edir.
Beynəlxalq ödəniş sistemləri, banklarası ödənişlər və təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq
DəmirBank MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin, eləcə də S.W.I.F.T. banklararası ödəniş sisteminin üzvüdür.
DəmirBank 200-dək ölkə üzrə 5 - 7 dəqiqə ərzində əlverişli tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verən Western Union, Coinstar, Bıstraya Poçta, Zolotaya Korona kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulmuşdur.
Beləliklə, DəmirBank ölkənin aparıcı banklarından olmaqla yanaşı, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə daha fəal əməkdaşlıq edən banklardan biridir.