
Bankın yaranması və adı
DəmirBank 21 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.
Bankın aktivləri və kapitalı
1 iyul 2010-cu il tarixinə 295,4 mln. AZN (367,5 mln. USD) məbləğində aktivləri ilə DəmirBank Azərbaycanda özəl banklar sırasında ilk onluğa daxildir. 1 iyul 2010-cu il tarixinə Bankın nizamnamə kapitalı 19 mln. AZN (23,6 mln. USD), məcmu kapitalı isə 47,9 mln. AZN (59,6 mln. USD) təşkil edir.
Beynəlxalq səhmdarlar
Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.
Beynəlxalq reytinq
2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur. DəmirBank hazırda Fitch agentliyinin “stabil” proqnozlu “B-” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B+” reytinqlərinə malikdir. Bu reytinqlər Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinq proqnozları isə Bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.
Geniş çeşiddə bank xidmətləri
DəmirBank müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, lizinq xidmətləri, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, bank seyflərinin icarəsi, İnternet-Bank, SMS-Bank, Telefon-Bank və sair xidmətlər təklif edir.
Geniş xidmət şəbəkəsi
DəmirBank ölkə üzrə 29 filialdan ibarət olan geniş filial şəbəkəsinə malikdir. Onlardan 13-ü Bakı şəhərində, 16-sı isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir. DəmirBank Bakıda və ölkənin regionlarında yerləşən 45 bankomatdan ibarət şəbəkəyə malikdir.
Kredit və ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlıq
DəmirBank kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.
Əmanətlərin Sığortalanması
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
Beynəlxalq ödəniş sistemlərində üzvlük və müxbir əlaqələr
DəmirBank MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin, eləcə də S.W.I.F.T. beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. DəmirBank Azərbaycanın, Avropanın, Asiyanın, ABŞ-ın və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələrinə də malikdir.
Təcili pul köçürmə sistemləri
DəmirBank 200-dək ölkə üzrə 5 - 7 dəqiqə ərzində münasib tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verən Western Union, Coinstar, Bıstraya Poçta, Zolotaya Korona kimi beynəlxalq təcili pul köçürmə sistemlərinə qoşulubdur. Bank özünün “Şimşək” sistemini yaratmışdır ki, bu da ölkə daxilində bir filialdan digərinə hesab açmadan 7 dəqiqə ərzində pul köçürmələrini həyata keçirməyə imkan verir.
Bakı Fond Birjası və Milli Kart şirkətlərində səhm payı
DəmirBank Bakı Fond Birjasının səhmdarlarından biri olan və birjada broker və diller xidmətləri göstərən ADB Broker şirkətinin təsisçisidir. Bank həmçinin MilliKart prossesinq mərkəzinin əsas səhmdarlarından biridir.
İnstitusional inkişaf
DəmirBank institusional inkişafa böyük əhəmiyyət verir. Bankın institusional inkişafı və müxtəlif fəaliyyət istiqamətlərinin gücləndirilməsi üzrə AYİB, USAID, IFC və digər maliyyə təşkilatlarının beynəlxalq proqramları çərçivəsində texniki yardımlardan istifadə etmişdir.
Sosial-yönümlü fəaliyyət
DəmirBank prioritetlərindən biri onun sosial-yönümlü fəaliyyətinin gücləndirilməsidir. Bu siyasətə uyğun olaraq, Bank hər il sosial və ictimai əhəmiyyətli proqramlarda iştirakını gücləndirir, əhalinin mikro-kreditləşməsini və kütləvi bank xidmətlərini (kommunal ödənişlər, pul köçürmələri) genişləndirir və digər tədbirlər həyata keçirir.
Mükafat və Nominasiyalar
DəmirBank ötən ilin yekunlarına görə “Uğurlu Rebrendinq” nominasiyasında UĞUR 2009 mükafatına layiq görülüb. Bank daha əvvəl “Etimad Bankı” və "Regionlarının sosial-iqtisadi inkişafı sahəsində xidmətləri” nominasiyaları üzrə UĞUR mükafatına layiq görülmüşdür. DəmirBank-ın internet saytı 2010-cu ildə “Azərbaycanda ən yaxşı korporativ sayt” nominasiyasında NETTY mükafatına layiq görülüb. DəmirBank-ın rebrendinq TV reklamı “Azərbaycan Marketinq İcması MAK.AZ” tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən “Azərbaycanda 2009-cu ilin ən bəyənilən TV reklamı” seçilib. Bu və digər nominasiyalar barədə daha ətraflı “Nominasiyalar” məlumat verilir.
Beynəlxalq auditor
DəmirBank (həmin vaxt Azərdəmiryolbank) 1996-cı ildən beynəlxalq mühasibat standartlarına uyğun audit keçən ölkənin ilk özəl bankıdır. Bankın fəaliyyətinin auditi PriceWaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən həyata keçirilir.
